Soyutma gücü nədir?

Soyutma sisteminin və ya cihazın vahid zamanda mühitdən çəkə bildiyi istilik miqdarı; kW, kcal/h və ya BTU/h ilə ifadə olunur.

Mövzu

  • Əsas anlayışlar
  • Digər adlarısoyutma qabiliyyəti, soyutma məhsuldarlığı, cooling capacity
← Bütün terminlər

Soyutma gücü "bu cihaz nə qədər soyudur?" sualının cavabıdır. Kilovat (kW) ilə verilir; 1 kW saniyədə 1 kilocoul istilik çəkmək deməkdir. Köhnə vərdişlə kcal/h, Amerika mənbələrində BTU/h və soyutma tonu da işlədilir: 1 kW ≈ 860 kcal/h ≈ 3.412 BTU/h, 1 soyutma tonu ≈ 3,52 kW.

Güc sabit rəqəm deyil; iş şəraitinə görə dəyişir. Eyni evaporator 0 °C kamera temperaturunda 10 kW verərkən −25 °C kamerada 5 kW verə bilər; eyni soyutma qrupu 32 °C xarici havada verdiyi gücü 42 °C istidə verə bilmir. Buna görə kataloqda güc daima bir şəraitlə birlikdə yazılır: kamera temperaturu, buxarlanma temperaturu, xarici hava temperaturu və istifadə olunan agent.

Soyuducu kamera üçün lazım olan güc kameranın istilik yükündən hesablanır: paneldən keçən istilik, daxil olan məhsulun soyudulması, qapı açılışı ilə girən isti hava, insan, işıqlandırma, fan və defrost istiliyi toplanır, kompressorun gündə neçə saat işləyəcəyinə bölünür və ehtiyat payı əlavə edilir. Sonkarın soyutma yükü hesablayıcısı bu hesabı addım-addım aparır.

Cihaz seçərkən gücü bir-birinə bərabər tutmaq kifayət etmir; evaporator ilə soyutma qrupu eyni buxarlanma temperaturunda tarazlı işləməlidir. Kataloqdakı güc axtarışı daxil etdiyiniz kW və iş şəraitinə görə uyğun modelləri siyahılayır.