Kondenser ən isti yay gününə görə seçilir. Xarici hava soyuduqda eyni kondenser lazım olduğundan çox istilik atır və kondensasiya təzyiqi düşür. Müəyyən nöqtəyə qədər bu yaxşıdır, kompressor daha az elektrik çəkir. Amma təzyiq həddən çox düşsə genişlənmə klapanının qabağındakı təzyiq fərqi çatmır, evaporator ac qalır və güc düşür. Fan sürətinin tənzimlənməsi hava sərfini azaldaraq kondensasiya təzyiqini ayarlanmış alt hədddən yuxarı saxlayır.
Dörd üsul işlədilir. Pilləli nəzarət: fanlar pressostatlarla və ya nəzarət cihazı ilə növbə ilə açılıb-bağlanır; sadədir, amma təzyiq dalğalanır. Fazakəsici (simistorlu) nəzarət: gərginliyi kəsərək birfazalı fanların sürətini azaldır; ucuzdur, aşağı sürətdə mühərrik qızır və uğuldayır. Tezlik çeviricisi: üçfazalı fanların hamısını birlikdə idarə edir. EC fan: 0–10 V siqnalı ilə pilləsiz və ən səmərəli həlldir. Seçim fanın tipinə, kondenserin böyüklüyünə və büdcəyə görə aparılır.
Nəzarət vurma xəttindəki təzyiq sensorundan və ya maye xəttinin temperaturundan alınan siqnala görə işləyir. Sabit kondensasiya temperaturu ayarı (məsələn 40 °C) əvəzinə xarici hava temperaturuna görə sürüşən ayar işlədilsə, kondensasiya temperaturu havadan 8–12 K yuxarıda izlənir və kompressorun istehlakı azalır; kondensasiya temperaturundakı hər 1 K düşüş kompressor istehlakını təqribən 2–3% azaldır. Buna üzən kondensasiya deyilir. Alt həddi genişlənmə klapanının ehtiyac duyduğu təzyiq fərqi müəyyən edir.
Evaporatorda sürət fərqli məqsədlərlə tənzimlənir: kompressor dayandıqda fanı yavaşlatmaq kameraya girən fan istiliyini azaldır; meyvə–tərəvəz kameralarında aşağı sürət məhsulun su itkisini məhdudlaşdırır; işçilərin olduğu emal sahələrində hava axınını və səsi azaldır. Diqqət: fan sürəti düşdükdə evaporatorun gücü də düşür, buxarlanma temperaturu enir və qırovlanma arta bilər. Gecə səs-küy həddi olan yerlərdə kondenser fanlarına ayrıca gecə sürət həddi təyin edilir. Ayar məhsulun və kameranın ehtiyacına görə sınaqla tapılır.
