Evaporator içindəki agent kamera havasından daha soyuq olduğu üçün istilik çəkir. Bu fərq TD-dir: kamera 0 °C, buxarlanma −8 °C-dirsə TD 8 K. TD böyüdükcə eyni evaporator daha çox güc verir, amma səthi daha soyuq olduğu üçün havadan daha çox rütubət çəkir və kamera quruyur. Kataloqda evaporator gücü daima müəyyən TD üçün verilir; Avropa kataloqlarının çoxu 8 K, bəziləri 6 və ya 10 K işlədir.
Məhsulun rütubət istəyi TD-ni müəyyən edir: 90%-dən yuxarı rütubət istəyən meyvə, tərəvəz və gül kameralarında TD 4–6 K; 85–90% rütubət istəyən ət və ümumi saxlama kameralarında 6–8 K; rütubətin əhəmiyyətsiz olduğu qablaşdırılmış məhsul və dondurulmuş anbarlarda 8–10 K seçilir. Kiçik TD daha böyük (daha bahalı) evaporator deməkdir; qarşılığı məhsul itkisinin azalmasıdır.
TD eyni zamanda sistemin səmərəsinə təsir edir: buxarlanma temperaturu hər 1 K düşdükdə kompressor gücü təqribən 3% düşür və elektrik istehlakı artır. Lazımsız böyük TD ilə seçilmiş kiçik evaporator ilk investisiyada ucuz görünsə də istismarda bahaya gəlir. Evaporator kataloqundaki güc cədvəllərində modelləri fərqli TD dəyərlərində müqayisə edə bilərsiniz.
